Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq mallarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Abzas.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Noyabrda oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının bahalaşması, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin isə ucuzlaşması müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.