Bu gün, dekabrın 22-də "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 524.5 milyon dollar kreditin ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.
Sindikatlaşdırılan kreditin «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə, Azərbaycan dövlətin və Asiya İnkişaf Bankının (ADB) zəmanəti ilə ayrıldığı bildirilir.
Bu haqda CQD-nin məlumatında bildirilir.
Sindikatlaşdırılmış kredit (syndicated credit) – birdən çox maliyyə təşkilatının toplaşaraq, eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kreditdir.
Məlumata görə, zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb.
Ə.İsayev imzalama mərasimində deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcək. Onun sözlərinə görə, artıq "Cənub Qaz Dəhlizi" layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı qismində aparıcı beynəlxalq maliyyə qurumları dəstək göstərib.