ABŞ kəşfiyyatı məxfi məlumatları Trump-dan gizlədir

ABŞ kəşfiyyatı məxfi məlumatları Trump-dan gizlədir
16 Fevral 2017
Mətni dəyiş
ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trump-dan gizləyir.
APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb.
Qəzet yazır ki, bəzi hallarda kəşfiyyat D. Trump-a öz mənbələrini və məlumat toplama üsullarını açmaq istəməyib. Söhbət xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsindən gedir.
Yazıda qeyd olunur ki, kəşfiyyat Trump-dan əvvəlki dövrdə də bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları prezident və Konqreslə bölüşmürdü. Lakin ilk dəfədir ki, informasiyaların gizlədilməsi prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır.
“The Wall Street Journal” hesab edir ki, yaranmış durum xüsusi xidmət orqanları ilə Trump administrasiyası arasındakı etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Kəşfiyyatın qorxuları daha çox prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trump-ın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır. “Bu, prezidentlə kəşfiyyat xidmətləri arasındakı münasibətlərin indiyədək görünməmiş şəkildə mürəkkəbliyindən xəbər verir. Mən nə vaxtsa bu cür fikir ayrılığı gördüyümü xatırlamıram. Bu, ölkəmiz üçün heç də yaxşı deyil”, - deyə ABŞ kəşfiyyatının sabiq yüksək rütbəli əməkdaşı Mark Lovental bildirib.
Xatırladaq ki, “The New York Times” qəzeti seçki kampaniyası dövründə Donald Trump-ın yaxın çevrəsindəki bəzi şəxslərin Rusiya ilə əlaqədə olduqlarına dair xəbər yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun