11 Fevral 2017
Mətni dəyiş
İtaliya, ingilis qəzeti "The Guardian"-da yer alan "Rus internet piratlarının İtaliya Xarici İşlər Nazirliyi məlumat sistemini 4 ay ərzində ələ keçirməyə çalışdığı" iddiasını qismən doğrularkən, Rusiya isə bu iddiaları təsdiqləyəcək bir dəlil olmadığını bildirib.
İtalyan xəbər agentliyi ANSA-nın xəbərinə görə, xarici işlər nazirliyinə yaxın mənbələr "The Guardian"-a aid iddiaların nazirlik ətraflarında onsuz da bilindiyini, ilk kiber hücumun ardından məlumat sistemində lazımi gücləndirmə fəaliyyətlərinə başlanıldığını deyib.
Nazirlik mənbələri kiber hücumu həyata keçirənlərin hər hansı bir şifrəli ya da həssas məlumatı əldə etmədiyini, hücumun hədəfinin nazirlik və elçilik personalının e-poçt ünvanları olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Zakharova, ANSA müxbirinin mövzu ilə bağlı sualına, "Bu iddianı təsdiqləyəcək hər hansı bir dəlil yoxdur" şəklində cavab verib.
İtalyan "Rainews24" kanalının mövzuya bağlı xəbərində də, Roma Respublika Prokurorluğunun siyasi-hərbi sahədə dövlət təhlükəsizliyini riskə atacaq casusluq fəaliyyətinə görə keçən ilin yaz aylarında istintaq başlatdığı qeyd edilib.
Qeyd edək ki, "The Guardian" xəbərində, İtaliya Baş naziri Paolo Gentiloni-nin xarici işlər naziri olduğu dövrdə nazirlik məlumat sisteminin 4 ay ərzində rus internet quldurları tərəfindən ələ keçirilməyə çalışıldığı iddiasına yer verilmiş, Gentiloni-nin nazirlik e-poçt sistemini istifadə etməməsi səbəbiylə bu hücumun qurbanı olmadığı ifadə edilmişdi.