11 Fevral 2017
Mətni dəyiş
İraqda ötən ay bir hissəsi İŞİD-dən azad olunmuş Mosul şəhərinin sakinləri yenidən futbol oynaya bilərlər.
Report-un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunadək şəhər stadionundakı oyunlar zamanı sərt qaydaların hökm sürdüyü üzə çıxıb.
Həmin qaydalara əsasən, komandalar formalarındakı emblemləri kəsib çıxarmalı olublar. Hakimlərə isə fitdən istifadə qadağan edilib. Futbolçu Obeyd Məhəmməd deyir ki, loqotip və brendli formalar İŞİD tərəfindən bütpərəstlik kmi qəbul olunub: "Belə oyundan xüsusi zövq almaq mümkün deyildi. Bizə idmanda heç vaxt olmayan qaydaları təlqin edirdilər. Şortik geyinə bilməzdik. Buna görə şalvarla çıxış etməli olurduq. Amma o da dar yox, geniş olmalı idi. Geyimlərdə "Adidas", "Nike" kimi şirkətlərin loqotipləri də qadağan edilmişdi".
Oyunçuların sözlərinə görə, hakimlərin fitdən istifadəsinə qoyulan qadağa belə əsaslandırılıb: "Fit səsi şeytanlara çağırış ola bilər".
Stadion əməkdaşı Məhəmməd Sadıq isə bildirib ki, meydana girişdə qayçı ilə dayanmalı olub: "İŞİD-çilər emblemləri bütpərəstlik simvolları adlandırırdılar. Mən formalardan "Real Madrid" və "Barselona" kimi klubların loqolarını kəsib çıxarmalı olurdum".
Medal və kuboklara da qadağa qoyulub. Bu, acgözlük əlaməti kimi qəbul olunub. Oyunun davametmə müddətinə məhdudiyyət qoyulmayıb. İŞİD döyüşçüləri artıq oynaya bilmədiklərini hiss etdikdə, hətta görüşü başladıqdan 15 dəqiqə sonra da saxlayıblar. Oyunlar namaz üçün də dayandırılıb. Bu zaman meydana canamazlar gətirilib.
İŞİD-çilər stadiondakı olimpiya həlqələrini də çıxarmağa göstəriş veriblər. Onlar bunu kafirlik işarəsi sayıblar.