3 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump Ağ Evdə iş adamlarını qəbul etdiyi iclas zamanı İranın ballistik raket sınağı ilə bağlı sualları cavablandırıb.
Ballistik raket sınağı səbəbiylə Washington rəhbərliyinin "rəsmi olaraq" xəbərdarlıq etdiyi İrana qarşı bütün variantların masada olduğunu söyləyən Trump, "Tehrana qarşı hərbi gücdən istifadə variantlarının gündəmdə olub olmadığı" istiqamətindəki suala, "Heç bir şey variantlarımızdan kənar deyil", deyərək cavab verib.
"Aljazeera" xəbər verir ki, sosial şəbəkədə Trump, "İran ballistik mərmi atdığı üçün rəsmi olaraq xəbərdarlıq aldı. ABŞ-ın özləri ilə etdiyi bu qorxunc razılaşma üçün minnətdar olmalıdırlar", ifadələrinə yer vermişdi.
Ağ Ev Milli Təhlükəsizlik Müşaviri Michael Flynn də, Tehran rəhbərliyinin ballistik mərmi sınağının bölgəyə və ABŞ-a qarşı təhdid təşkil etdiyini ifadə edərək, "Bu gün etibarilə İrana rəsmən xəbərdarlıq edirik", - deyə bildirmişdi.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 20 iyul 2015-ci ildə qəbul edilən 2231 saylı qərarında İrana, nüvə başlığı daşıya biləcək ballistik raket mövzusunda heç bir fəaliyyətdə olmaması və mərmi sınağı həyata keçirməməsi istiqamətində qadağa gətirilib. Tehran rəhbərliyi isə söz mövzusu mərmilərin nüvə başlığı daşımadığını bildirir. İranın əlindəki orta ballistik mərmilərin mənzilinin 3 min kilometrə qədər çatdığı iddia edilir.