11 Fevral 2017
Mətni dəyiş
Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum aprelin 16-da keçiriləcək.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumunun (ASQ - Mərkəzi Seçki Komissiyası) sədri Sadi Guven bildirib.
Onun sözlərinə görə, referendum qutularının yanında 10 siyasi partiyanın təmsilçisi müşahidə aparacaq. Seçici siyahısı fevralın 18-dək tamamlanacaq.
Konstitusiya dəyişiklikləri parlamentar sistemdən prezidentlik idarəçiliyinə keçidi nəzərdə tutur.
Dəyişikliklər referendumda qəbul olunarsa, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq. Parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.
Bundan əvvəl Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişiklər təklifi müzakirə olunub və səs verməyə qoyulub. Səs vermə nəticəsində təkliflərin referenduma çıxarılması qərarı qəbul edilib.
Dəyişikliklər təklifini iqtidar AKP və müxakifət MHP dəstəkləyir, ana müxalifət partiyası CHP və digər müxalifət partiyası HDP isə dəyişikliklərin əleyhinədir.