10 Fevral 2017
Mətni dəyiş
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab bölgəsində Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərini vurması ilə bağlı rəsmi Moskvanın etdiyi açıqlamanı təkzib edib.
Abzas.net xəbər verir ki, Türkiyə mətbuatında Baş Qərargahın mövzu ilə bağlı etdiyi yazılı açıqlama yer alıb:
“Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”.
Xatırladaq ki, hadisə zamanı 3 türk əsgəri ölüb, 11-i yaralanıb. Kreml sözçüsü Dmitriy Peskov isə hadisə ilə bağlı açıqlama verərəkən qeyd edib ki, vurulan əsgərlərin olduğu yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərlərinin olduğu barədə xəbərləri olmayıb: “Bizim hərbçilərimiz Türkiyə tərəfindən verilən koordinatlar əsasında mövqelərə zərbələr endirib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”.