Gürcüstan vətəndaşları bu gündən Avropaya vizasız gedəcəklər

Gürcüstan vətəndaşları bu gündən Avropaya vizasız gedəcəklər
28 Mart 2017
Mətni dəyiş
Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər. Bu gün Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.
Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib.
Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi  Avropa Birliyinə  üzv olmaqdır:
“Gürcüstanda  demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir.  Gürcüstan hökumətinin növbəti məqsədi isə  Avropa Birliyinə  üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”.
Viza liberallaşması ilə bağlı Gürcüstan və Aİ arasında danışıqlar 2012-ci ildən aparılır. Gürcüstan üçün viza liberallaşması ilə bağlı müsbət rəy Avropa Komissiyası tərəfindən 2015-ci ilin dekabrında dərc olunub.
2017-ci il fevralın 2-də Avropa Parlamenti 553 lehinə, 66 əleyhinə olmaqla Gürcüstan üçün vizasız rejimin tətbiq olunması haqda qərarı dəstəkləyib.
Həmin səsvermə Gürcüstan üçün viza liberallaşması məsələsi ilə bağlı final səsvermə idi. Lakin vizasız rejimin qüvvəyə minməsi üçün bir neçə proseduran həyata keçirilməsi lazım idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun