4 Mart 2017
Mətni dəyiş
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsi Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək marşallar üçün "Formula 1-ə giriş" adlı ilk təlimini keçirib.
Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun rəhbəri Cingiz Mehdiyev deyib ki, təlimin keçirilməsində əsas məqsəd marşallara Formula 1 yarışlarında baş verən yenilikləri çatdırmaq və yeni seçilmiş marşalların ötən ildən etibarən Qran Pri yarışlarında iştirak edən marşallarla tanışlıq qurmasını təmin etməkdir.
C.Mehdiyev deyib ki, marşallar üçün yeni mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Marşallar üçün təlimlər yeni Marşal Mərkəzində baş tutacaq. Mərkəzdə 10-a yaxın təlim mərkəzi, zəruri avadanlıqlar, praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq. Marşallar burada yarışı gerçəkliyə uyğun simulyasiya etmək imkanı əldə edəcəklər.
C.Mehdiyev qeyd edib ki, mövsümün ilk təlimində 700-dən çox marşal iştirak edib. Marşallıq proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib.