13 Mart 2017
Mətni dəyiş
Amerikalı senator John McCain prezident Donald Trumpa çağırış edib. Bildirib ki, Trump ya eks-prezident Obama-ya qarşı ittihamların sübutlarını cəmiyyətə açıqlamalıdır, ya da bu ittihamlarını geri götürməlidir.
Abzas.net xəbər verir ki, bu barədə senator John McCain CNN kanalına müsahibəsində bildirib. Senator bildirib ki, Obama qarşı irəli sürülən ittihamlar çox ciddi ittihamlardır:
"Mənim əsasım yoxdur ki, Obamaya qarşı ittihamların doğruluğuna inanım. Amma həm də ona inanıram ki, Birləşmiş Ştatların prezidenti bu məsələyə bir neçə dəqiqədə aydınlıq gətirə bilər".
Martın 4-də Trump Twitter hesabından Obama-nı ittiham edib ki, keçmiş prezident onu izləmək məqsədilə “Trump” otelində prezident seçkilərinin son həftələrində dinləyici qurğu quraşdırıb. ABŞ prezidenti bu ittihamı səsləndirərkən heç bir sübut təqdim etməyib, lakin Ağ Ev Konqresi bu ittihamları araşdırmağa çağırıb.
Sonra Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi təhqiqat aparmağa hazır olduğunu bildirib və Ağ Evi əlində olan sübutları Konqresə verməyə dəvət edib.
Obama-nın sözçüsü və ABŞ kəşfiyyatının rəsmiləri isə ittihamları təkzib ediblər.