Şimali İrlandiya da Britaniyanı tərk edə bilər

Şimali İrlandiya da Britaniyanı tərk edə bilər
30 Mart 2017
Mətni dəyiş
"The İndependent" qəzetinin yazdığına görə, müxalif leyborist partiyasının lideri Jeremy Corbyn deyib ki, Britaniyanın bir parçası olan Şimali İrlandiyanın milli assambleyası İrlandiya Respublikası ilə birləşmək barədə referendum keçirmək qərarı qəbul edərsə, bu muxtar əyalətə belə bir hüquq verilməlidir.
Bundan az əvvəl Şotlandiyanın milli parlamenti bu əyalətin müstəqilliyi üçün referendumun keçirilməsi barədə qərar qəbul edib.
Cənab Corbyn deyib ki, Şimali İrlandiya və İrlandiya Respublikasının xalqları sərhəd üzərindən sərbəst keçmək hüququnu saxlamalıdırlar.
İrlandiya Respublikası Avropa İttifaqının üzvü olduğuna görə onun Britaniyanın Şimali İrlandiya əyaləti ilə sərhədi indiyədək açıq idi, lakin indi, Londonun Avropa İttifaqından çıxmaq qərarından sonra "iki İrlandiyanı" ayıran sərhəd Avropa İttifaqı ilə Britaniyanı ayıran sərhədə çevriləcək.
Bu isə o deməkdir ki, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında olan açıq sərhəd bağlana bilər.
Bu ayın əvvəllərində İrlandiya Respublikası ilə birləşməni istəyən millətçi Sinn Fein partiyası Şimali İrlandiyanın yerli məclisində 27 mandat qazanıb.
Şimali İrlandiyanın bundan sonra da Birləşmiş Krallığın bir hissəsi olaraq qalmasını istəyən ittifaqçıların 28 mandatı var.
Cənab Corbyn habelə deyib ki, Birləşmiş Krallıq Avropanın vahid bazarını da tərk etməlidir, çünki ittifaq üzvü olmadan vahid bazarın üzvü olmaq mümkün deyildir.
Məqalədə deyilir ki, görünür cənab Corbyn Avropa İttifaqının gömrük ittifaqını vahid bazarla çaş-baş salıb.
Gömrük ittifaqına gəldikdə, məsələn Türkiyə də bu təşkilata üzvdür. Digər tərəfdən, məsələn Norveç Avropa İttifaqının üzvü olmasa da, vahid bazara çıxışı var.
"The Evening Standard" qəzeti isə yazır ki, Britaniyanın Brexit naziri David Davis-in dediyinə görə, əgər Şimali İrlandiya əhalisi İrlandiya Respublikası ilə birləşmək barədə referendum vasitəsilə qərar qəbul edərsə, London irlandların iradəsinə tabe olacaq.
Nazirin sözlərinə görə, Şimali İrlandiya ayrıca bir ölkə kimi Avropa İttifaqının üzvü olaraq qala bilməz, amma İrandiya Respublikası ilə birləşərsə, onda bu, avtomatik qaydada baş verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun