21 Mart 2017
Mətni dəyiş
Yerevanda ötən il xüsusi təyinatlı qüvvələrin mühasirəsini yarıb, polis keşikçi-patrul xidməti alayı binasını ələ keçirən "Sasna tsrer" ("Sasun çılğınları") silahlı dəstəyə ərzaq aparan Artur Sarkisyanın ölümü ilə bağlı nümayişlər davam edir.
Etiraz aksiyaları "Çörək gətirən" adını almış Artur Sarkisyanın ötən həftənin cümə axşamı xəstəxanada ölümündən sonra başlayıb.
"Çörək gətirənin" xatirəsinə aksiya iştirakçılarının bir qrupu Azadlıq meydanında fasiləsiz oturaq tətili keçirir. Hər axşam onlara birləşən yüzlərlə nümayişçi "Rejim çörək gətirəni öldürdü", "Serjik - qatil" çağırışları ilə gecə yarısınadək davam edən yürüşdə iştirak edir.
Bazar günü axşamı polis, güc tətbiq edərək, nümayişçilərin mərkəzi küçələri bağlamaq cəhdlərinin qarşısını alıb. Nəticədə nümayişçilərlə polis arasında toqquşma baş verib. Zərər çəkən və həbs olunan olmayıb.