25 Aprel 2017
Mətni dəyiş
"Financial Times" Avropa İttifaqı genişlənmə komissarına istinadən yazır ki, Türkiyədə prezident Recep Tayyip Erdoğana misilsiz hakimiyyət verən referendum Ankaranın Aİ-yə üzv olmaq niyyətinə bir az da kölgə salıb və Brüssel Türkiyə ilə yeni münasibətlərinin işlənməsinə başlamalıdır.
Johannes Hahn deyib ki, o, hazırda Türkiyə ilə gələcək münasibətlərin yol xəritəsini hazırlamaq üçün Aİ-nin 28 üzvünün mandatını gözləyir.
Cənab Hahn deyib ki, Brüssel tezliklə Türkiyə ilə korlanmış münasibətlərinin "fundamental qiymətləndirilməsinə" başlamalıdır.
Qərb 16 aprel referendumundan sonra Erdoğanın avtoritar hakimiyyətinin daha da repressivləşə biləcəyindən narahatdır.
Cənab Hahn deyib ki, "hazırkı situasiya nə onları, nə də Aİ-ni qane edə bilməz".
"Biz indi belə deməliyik: Yaxşı, gəlin masanın üstündə nə varsa yığışdırıb baxaq görək ki, gələcək münasibətlərimizi necə qura bilərik, - deyib Avropa rəsmisi, - Artıq mövcud olan şeylərin müəyyən elementlərindən də istifadə edilə bilər".
"Financial Times" yazır ki, Türkiyə Aİ üzvlüyünə çoxdan namizəd olsa da, ölkənin təşkilata qoşulmaq perspektivləri o qədər ağlabatan görünmür.
Cənab Hahn deyib ki, Brüssellə Ankara arasındakı münasibətlərə sabitlik və müəyyənlik lazımdır.
Məqalədə deyilir ki, Türkiyə iqtisadiyyatını bu il və gələn il zəifləmə gözləyir.
Hahn deyib ki, o, Aİ xarici işlər nazirlərinin mandatını ala bilsə, "Türkiyənin üzvlüyə qəbul olunması prosesini əvəzləyəcək yeni münasibətlər üzərində işləyəcək".
Texniki olaraq Türkiyənin üzvlük müraciəti Aİ üzvlərinin çoxluğu tərəfindən rədd edilə bilər.
Burada söhbət əsas etibarilə Türkiyənin 21 ildir ki, üzv olduğu Aİ gömrük ittifaqından gedir. Bu ittifaq sənaye mallarının mübadiləsini tənzimləsə də, kənd təsərrüfatı məhsullarına baxmır.
Başqa sözlərlə, Avropa İttifaqı üzvlüyə qəbul prosesi dayandırılsa da, Türkiyənin aylardır davam edən siyasi təlatümlərdən zəifləmiş iqtisadiyyatını dirçəldəcək münasibətlərin qurulması barədə düşünür.
Aİ üzvləri indiyədək Türkiyə ilə dialoqu, habelə Ankara üzərində təsiri saxlamaq xatirinə ittifaqa üzvlük prosesini açıq saxlamışdı.
Lakin Hahn deyib ki, indi artıq Türkiyə ilə münasibətlərin "realist" və "rasional" alternativinə ehtiyac var.
Onun sözlərinə görə, indiyədək Türkiyə ilə üzvlük barədə aparılan "süni debat" münasibətlərə ziyan vurub.
Cənab Hahn deyib ki, Türkiyə hələ də üzvlüyə qəbul prosesində qala bilər, lakin bunun üçün Ankara Avropa dəyərlərindən uzaqlaşmasına son qoymalıdır.
Avropa rəsmisi bu qənaətdədir ki, Türkiyə ilə münasibətlər hər hansı başqa bir şəkildə davam etdirilə bilər.
"Mən inanmıram ki, Erdoğanın rəhbərliyi altında Türkiyə hakimiyyət gücünü kiminləsə bölüşdürmək istəyər, halbuki bu, Avropa İttifaqına üzvlüyün təməl konsepsiyasıdır. Bu mənada Türkiyə ilə əməkdaşlığın ən münasib forması tapılmalıdır" - deyib Hahn.
İndiyədək yalnız Avstriya Aİ-nin Türkiyə ilə danışqıları dayandırmasına çağırıb.
Üstəlik indi Avropa diplomatları hiss edirlər ki, miqrant axınına daha hazırlıqlıdırlar və Erdoğan qaçqınları Türkiyədən çıxmağa məcbur etməzdən əvvəl yaxşı-yaxşı fikirləşməli olacaq.
Ankaranın Avropa İttifaqı ilə münasibətləri xüsusilə də referendum təşviqatı kampaniyası zamanı korlanıb. Erdoğan onun partiyadaşlarına öz ölkələrində təbliğat mitinqləri keçirməyə icazə verməyən Almaniya və Hollandiyanın rəhbərlərini "nasis" adlandırıb.
Avropa İttifaqının xarici işlər nazirləri cümə günü Maltada görüşəcəklər və bu zaman Erdoğanla münasibətlər və Türkiyənin yeni Konstitusiyasının gündəmə gələcəyi gözlənilir.
Avropa boyunca insan haqları təşkilatları referendumdan sonra Türkiyənin daha da avtoritarlaşacağını bildirirlər.
Cənab Hahn bu cür qiymətləndirmə ilə razılaşıb və deyib ki, Türkiyədə qanunun aliliyi prinsipi getdikcə sıradan çıxır.
Siyasətçi deyir ki, Erdoğan Türkiyənin Aİ üzvlüyünü doğrudan da istəyirsə, onun hakimiyyəti barədə formalaşmış bu mənfi təsəvvürləri ləğv etməlidir.