5 Aprel 2017
Mətni dəyiş
İspaniya Ali Məhkəməsi Suriya prezidenti Bəşər Əsədin əmisi Rıfat Əsədin bank hesablarının dondurulması və ailəyə aid mülklərə həbs qoyulması haqqında qərar verib. O, çirkli pulların yuyulmasına görə istintaqa cəlb edilib.
Reuters-in xəbərinə görə, hakim Jose de la Mata artıq Puerto Banus və Marbella şəhərlərindəki mülklərə həbs qoyulması və bank hesablarının dondurulması ilə bağlı qərar verib. İspan hakimin fransız prokurorlarla toplanan məlumatlar üzrə hərəkətə keçdiyi qeyd edilir.
Dondurulan hesablardan 16-nın Rıfat Əsədin iki oğlu və arvadlarına aid olduğu bildirilir. Digər hesabların isə 76 şirkətə aid olduğu açıqlanıb.
İspaniya rəsmiləri Puerto Banus və Marbella-da Rıfat Əsədə aid 500-dən artıq mülk müəyyən edib. Rıfat Əsəd və ailəsinin İspaniyadakı sərvətinin 736 milyon dollar olduğu bildirilir.
79 yaşlı Rıfat Əsəd qardaşı, Suriyanın keçmiş dövlət başçısı Hafiz Əsədi devirməyə cəhd ittihamı ilə 1984-cü ildə sürgün edilib. Onun sürgünə gedərkən verilən pulla özünə və ailəsinə İspaniya, Fransa, Lixtenşteyn, Lüksemburq kimi ölkələrdə mülklər aldığı bildirilir. Rıfat Əsəd əvvəllər bu pulları Səudiyyə kral ailəsindən aldığını iddia edirdi.
Amma onun sürgünə gedərkən Suriyanın 300 milyon dollar dövlət pulunu oğurladığına dair şübhələr var.