''Azadlıq heykəli gerçək insan olsaydı, bu gün ağlayırdı''
28 Aprel 2017
Mətni dəyiş
ABŞ-da Trump-ın vəzifəyə gəlişinin 100-cü günü səbəbi ilə Beynəlxalq Əfv Təşkilatı tərəfindən edilən çağırışla Londonda nümayiş təşkil edilib.
Abzas.net xəbər verir ki, Trump-ın vəzifədəki 100-cü günün dolacağı 29 aprel öncəsi aktivistlər etirazlara başlayıb.
ABŞ səfirliyi qarşısında toplanan nümayişçilər Trump-ın bəzi müsəlman ölkə vətəndaşlarına gətirmək istədiyi səyahət qadağasını və Meksika sərhədinə divar hörmə planlarının da içərisində olduğu xarici siyasətinə qarşı çıxıblar.
Etiraza qatılan Azadlıq Heykəli kostyumları içindəki təxminən 100 gənc fəal bir əllərində azadlıq məşəli, digər əllərində isə "Qaçqınlara qapımız açıqdır" və "Qadağa yox, divar yox" yazılı şüarlarla yarım saatlıq səssiz etiraz təşkil edib.
Deutsche Welle-də yer alan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İngiltərə Direktoru Kate Allen, Trump-ın Ağ Evdə keçirdiyi 100 gün ərzində ABŞ-da hal-hazırda yaxşı görüntüyə sahib olmayan insan hüquqlarına hədsiz dərəcədə zərər verdiyini söyləyərək, ''Azadlıq heykəli gerçək insan olsaydı, bu gün ağlayırdı'', - deyə bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin İngiltərə ziyarətində də sıx etirazlarla qarşılanması gözlənilir. İngiltərə Baş naziri Theresa May, yanvar ayında reallaşdırdığı Washington səfəri zamanı Trump-ı kraliça II. Elizabeth adına İngiltərəyə dəvət etmişdi.
Hələ tarixi bəlli olmasa da, on minlərlə ingilis Trump-la yaxınlıq qurmağa çalışmaqla günahlandırdığı baş nazir May-in bu dəvətinə bir çox şəhərdə etiraz etmişdi. Bu aksiyalarla bərabər internetdə Trump ziyarətinin qarşısını almaq üçün imza kampaniyası da başladılmışdı.
Kampaniyaya 1 milyon 800 mindən çox insan dəstək versə də, ingilis hökuməti səfərin reallaşacağını açıqlayıb.