30 Aprel 2017
Mətni dəyiş
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilir.
Abzas.net xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.
Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.
7-ci və 8-ci yerin sahiblərinə "Bakı Marafonu 2017"nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.
Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.
"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.
"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.