20 Aprel 2017
Mətni dəyiş
“Əla matç alındı. Oyuna yaxşı başlamışdıq, üstünlük də bizim tərəfimizdə idi. Ancaq ilk 20 dəqiqədən sonra rəqib fəallaşdı və oyunu balanslaşdırdı. Bu üzdən meydanda bərabər səviyyəli oyun getdi".
Abzas.net xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Serjinyo Topaz Premyer Liqanın 26-cı turunda "Qəbələ"yə qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.
Portuqaliyalı yarımmüdafiəçi açıqlamasında layiqli qələbə qazandıqlarını bildirib: İkinci hissədə isə biz çox güclü idik. Motivasiyamız super idi. Yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ədalətli olaraq da, matçı qalib başa vurduq.
Şübhəsiz ki, bu oyun mənim çempionatda ən yaxşı matçım idi. Düşünürəm ki, hamı kimi mən də yaxşı çıxış etdim. Təbii ki, kiminsə yaxşı oynaması yox, ən vacib olanı komandanın qələbə qazanması idi. İndiki vəziyyətdə isə ən önəmlisi “Kəpəz”in qalib gəlməklə məqsədinə doğru irəliləməsidir”.
Serjinyo oyun boyu komandanı dəstəkləyən azarkeşlər haqda da danışıb: “Stadionda super atmosfer vardı. İkinci hissə fantastik idi, oyunumuzla azarkeşləri ayağa qaldırmışdıq. Onlar bir-birinin ardınca təhlükəli vəziyyətlər izləyirdilər və yerlərində sakit oturmağa macal tapmırdılar. Gəncədə oynamaq həmişə əladır. Azarkeşlər bizə güc və inam bəxş edir, bu isə oyunumuza çox kömək olur. Fanatlar xüsusən də, “Qəbələ” ilə matçda super idilər. Atmosfer Portuqaliyadakı böyük oyunların, məsələn, “Benfica” – “Porto” qarşılaşmaları səviyyəsində idi”.
“Kəpəz”in qarşısında duran əsas vəzifənin Avropa Liqasına vəsiqə qazanmaq olduğunu deyən Serjinyo hələ mübarizənin irəlidə olduğunu söyləyib: “Nəzəri olaraq şanslarımız var, ancaq indi hər şey tək bizdən asılı deyil! Hazırda ən önəmlisi AZAL-la görüşdür. Bu oyun bizim üçün final matçına bərabərdir. Qalib gəlməliyik, görüşün necə keçəcəyini bilmirik. Lakin biz ora qələbəni düşünərək yollanacağıq və bunun üçün də əlimizdən gələni edəcəyik. Mən bunu komanda yoldaşlarımın adından da deyə bilərəm”.