13 Aprel 2017
Mətni dəyiş
Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əhaliyə lazımi tibbi xidmət göstərmək üçün təcili yardım briqadaları hazır vəziyyətə gətirilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün 90 təcili yardım briqadası ayrılıb.
Bu briqadanın tərkibinə həkim, orta tibb işçisi və 42 sanitar avtomobilin daxil olduğunu deyən R. Nağıyevin sözlərinə görə, onlar əsasən qonaqlara, idmançılara və yarış iştirakçılarına tibbi xidmət göstərəcək: “42 sanitar avtomobil müasir avadanlıqlarla, dərman preparatları, yeni tibbi ləvazimatlarla təmin edilib, hansısa qəza hadisəsi zamanı yerində tibbi müayinənin keçirilməsi üçün rentgen avadanlıq, laborator müayinələr hazır vəziyyətə gətirilib.
Həkim və orta tibb işçiləri isə reanimasion tədbirləri həyata keçirmək üçün yenidən kurslardan keçirilib. Oyunlar zamanı təcili yardım briqadalarının xidmət göstərəcəyi obyektlər siyahı üzrə müəyyənləşib, Olimpiya Komitəsi tərəfindən razılaşdırılıb. Artıq oyunlarda lazımi tibbi yardım göstərmək üçün təcili yardım briqadaları, işçi heyət qeydiyyatdan keçirilib”.
R. Nağıyev əlavə edib ki, gün ərzində 138 təcili briqada əhaliyə xidmət göstərir. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları zamanı da adi günlərdə olduğu kimi eyni sayda təcili yardım briqadası işləyəcək: “103 xidmətində ingilis və fransız dilini bilən xüsusi həkimlər saxlanılacaq ki, xarici vətəndaşlar yerlərlə bərabər 103 xidməti vasitəsilə də təcili yardım müraciət edə bilsinlər. Xarici vətəndaşlar müraciət etdikdə onlara da lazımi tibbi yardım göstəriləcək. May ayının əvvəlindən sonuna kimi təcili yardım stansiyası İslam Həmrəyliyi oyunları ilə bağlı tam gücləndirilmiş iş rejimində çalışacaq”.