Türkiyə üçün körpüdən əvvəl son çıxış - Mahmud Musalı

Türkiyə üçün körpüdən əvvəl son çıxış - Mahmud Musalı
14 Aprel 2017
Mətni dəyiş
Mahmud Musalı
Bazar günü Türkiyə vətəndaşları çox vacib bir qərar vermək üçün seçki qutularına yaxınlaşacaq. Cəmi 6 il sonra 100 yaşını qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyəti siyasət tarixinin ən böyük hesablaşması ilə üz-üzədir. Vətəndaşlar ya prezidentlik respublikası (Ərdoğanın deyimi ilə, partiyalı prezidentlik sistemi) sisteminə keçidi qəbul edəcək, ya da mövcud parlament idarəçiliyinin davam etməsinə qərar verəcək.
Türkiyə tarixində ən uzun müddət iqtidarda qalmağı bacaran Ədalət və İnkişaf Partıyası (AKP) və onun lideri Recep Tayyip Erdoğan 15 il ölkəni idarə etdikdən sonra idarəetmə sistemini dəyişdirmək istəyir. Lakin Erdoğanın təklif etdiyi konstitusiya paketinin tam mətnini oxuduqda məlum olur ki, bu dəyişikliyin sadəcə parlamentar sistemdən prezidentlik sisteminə keçid deyil.
Konstitusiyalar bütün vətəndaşların haqlarını qoruyan, bütün cəmiyyətin qəbul etdiyi və üzərində geniş müzakirələrin aparıldığı bir mətndir. Ancaq biz Türkiyədə bu həssaslığı referenduma hazırlıq ayları ərzində görmədik. Universitetlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti və bir çox müxalif partiyalar konstitusiyanın hazırlanması prosesindən kənarda qaldı. Bəlkə, elə buna görə də referenduma çıxarılan paket cəmiyyətdə qütbləşməni daha da dərinləşdirdi. Paketdə təklif olunan maddələrə baxsaq, gücünün böyük hissəsini itirən parlament görürük.
Təklif olunan yeni sistemdə prezident və onun quracağı hökumətin parlamentə hesabat verməsi və həmin parlament tərəfindən nəzarətdə saxlanılması minimal səviyyəyə endirilir. “Türk tipi” prezident sistemində cumhurbaşkanı – tək adam - prezident heç kimlə hesablaşmadan qanunlar qəbul edəcək, bürokrat və məhkəmə sisteminə təyinatlar edərək dövlətin bütün istiqamətlərinə təsir edə biləcək. Bu gücə nəzarət edəcək qurumlar isə məhz yeni sistem tərəfindən gücdən salınır. Təklif olunan dəyişiklik Fransa və ABŞ kimi prezidentlik sistemi ilə idarə olunan dövlət anlayışları ilə bənzərlik daşımır.
Bəs Türkiyə bu situasiyaya necə gəlib çıxdı? Məncə, referendumda təklif olunan paketdən daha çox bu sualın müzakirəsi vacibdir. Türkiyə Erdoğana qədər daha demokratik ölkə idimi? Mövcüd sistem bütün vətəndaşların haqlarını qoruya bilirmi? Güclü təmsilçilik və müstəqil məhkəmə varmı? Məncə, bütün bu sualların cavabı “yox”dur.
1923-cü ildə Mustafa Kamal Atatürk liderliyində bir qrup hərbçi və intellektual xalqın da dəstəyini alaraq varolma savaşının yekununda Türkiyə Respublikasını yaratdılar. Osmanlı imperiyasının küllərindən doğan yeni dövlətin həm dövrün ağır şərtləri, həm də yeni yaranmağın gətirdiyi çətinlikləri ilə demokratiya, şəffaflıq, təmsilçilik və plüralizm kimi mövzularda problemlər yaşayacağı gözlənilən idi. Ancaq təəssüf ki, Türkiyə 93 il ərzində lazım olan islahatları heç vaxt reallaşdıra bilmədi. Az qala bir əsrlik tarixi ərzində Türkiyə demokratiyası ordunun kölgəsində yaşamağa məcbur buraxıldı. Tez-tez dəyişən hökumətlər (65 hökumət qurulub), bürokratiyada “dünyəvilik” adı altında qadağalar Türkiyədə uzun illər travmasından çıxa bilmədiyi problemlər və “dövlətdən küsən” milyonlar yaratdı. (ardı aşağıda)
[caption id="attachment_4269" align="alignnone" width="1060"] Mahmud Musalı[/caption]
1980-ci il baş verən hərbi çevrilişin ardından qəbul edilən konstitusiya dəyişikliyi isə daha da böyük siyasi və hüquqi problemlər yaratdı. Bu gün rejimi dəyişdirmək istəyənlər o adamlardır ki, dövlət illərdir onları içinə buraxmaq istəmir, fərqli qadağalarla siyasətdən uzaqlaşdırırdı. Recep Tayyip Erdoğan hər vəchlə edam olunan Menderes, sui-qəsdlə öldürüldüyü deyilən Turqut Özalın davamçısı olduğunu qeyd edərək qaranlıq güclərin onu məğlub edə bilmədiyini göstərməyə çalışır. Bələdiyyə sədrliyindən başlayaraq, siyasətin bütün mərtəbələrini bir-bir keçən Erdoğan artıq arxasında onun üçün ölməyə belə hazır olan minlərlə insan və ona olan inamı elə də rahat sarsılmayan milyonları yığa bilib. Burdan yola çıxaraq referendumda “evet” deməsi gözlənilən kütləni tanımaq olar.
AKP hökuməti son illərdə “milli görüş” xəttindən uzaqlaşaraq dövlətçi və millətçi görüşə daha yaxınlaşır. Bunun siyasi strategiya, yoxsa uzun illər hakimiyyətdə qalmağın nəticəsi olduğunu anlamaq çətindir, ancaq referendum paketində Türk-İslam sintezinin izləri aydın görünür. Bu yanaşma Millətçi Hərəkat Partiyası (MHP) rəhbərliyini də Erdoğana yaxınlaşdıraraq referendumda mühafizəkar, sünni, türkçü ideoloji cəbhəsinin yaranmasına gətirib çıxardı.
“Hayır” cəbhəsini isə, məncə, ən yaxşı “Gezi direnişi”nə çıxanlar ifadə edir. Müasir həyat tərzi yaşayanlar, atatürkçülər, dünyəvi millətçilər, kürdlər, sosialistlər və sərmayə siyasətinə qarşı olan dindarlar rejim dəyişikliyinə sərt şəkildə “yox” deyir. Bu qruplar gündəlik həyatda və dünya görüşü olaraq bir birinə uzaq dayansa da, eynən Gezi hadisələrində olduğu kimi, yenə onları birləşdirən bir “problem” olduğuna inanırlar.
Seçkiyə isə cəmi 3 gün qalıb. Türkiyəlilər bütün regiona təsir edəcək, öz müqəddəratını təyin edəcək bir qərar verməyə hazırlaşır. Dəyişikliyin əleyhinə olan partiya və təşkilatlar ağır və qeyri-bərabər kampaniya şərtlərinin olduğunu iddia edir. Xüsusilə dəyişikliyə qarşı çıxan və seçkinin nəticəsində açar rolu oynayan Meral Akşener liderliyində millətçilər və Xalqların Demokratik Partiyası (HDP) qeyri-rəsmi media qadağasından şikayət edir. Televiziya kanallarında partiyalara ayrılan müddət də bu iddianı gücləndirən faktlardandır. Bundan əlavə HDP-nin iki həmsədri də daxil olmaqla, minə yaxın üzvünün həbsdə olması onların işini daha da çətinləşir. Həbsdəki kürd siyasilərdən birinin prezidentlik sisteminə qarşı ən sərt mövqe qoyan Selahattin Demirtaş olduğunu qeyd etmək lazımdır.
Düzdür, qeyri-bərabər şərtlər olduğu barədə iddialar olsa da, anket şirkətləri seçkinin nəticəsinin son ana qədər təxmin edilmədiyini və bu seçkinin ən çətin işləri olduğunu qeyd edirlər.
Seçkinin nəticəsindən asılı olmayaraq, Türkiyənin çətin günlərinin hələ qabaqda olduğunu təxmin etmək çətin deyil. 15 iyulda dövlətə sızan fətullahçıların hərbi çevriliş cəhdinin ardından həmrəylik göstərən vətəndaşlar referendumla birlikdə yenidən qütbləşir. Referendumun ardından bu qütbləşmənin bitəcəyi də gözlənilmir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun