30 Aprel 2017
Mətni dəyiş
"The Mirror" qəzeti yazır ki, Türkiyə hökuməti fövqəladə vəziyyət şəraitində azadlıqların məhdudlaşdırılması çərçivəsində telekanalların populyar evləndirmə və tanışqlıq şouları göstərməsini qadağan edib.
Bu qadağan haqqında məlumat rəsmi qəzetdə dərc olunub. Bundan bir qədər əvvəl hökumət bu proqramları bağlayacağını bəyan etmişdi. Hökumət bildirirdi ki, bu proqramlar Türkiyənin milli ənənə və adətlərinə ziddir.
Maraqlıdır ki, bu qadağanla eyni gündə Türkiyə internet ensiklopediyası Wikipedia-ya girişi bloklayıb və yeni repressiyalar dalğasında daha 4000 dövlət qulluqçusu vəzifələrindən uzaqlaşdlırılıb.
Məqalədə deyilir ki, bütün bu hadisələr Türkiyədə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda baş verir.
Televiziyada tanışlıq və evləndirmə şoularının qadağanına gəlincə isə, onların qadağanı barədə sərəncamda belə verilişlərin yolverilməz olduğu göstərilir.
Ötən ay Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş yerli telekanallardan birinə müsahibəsində "belə qəribə proqramların ailə dayaqlarını sarsıtdığını" demişdi.
O vaxt Kurtulmuş "biz bunun üzərində işləyirik və inşaallah yaxın gələcəkdə buna fövqəladə bir fərmanla çarə tapacağıq" deyə əlavə etmişdi.
Bu arada Türkiyənin Kommunikasiyalar Nazirliyi Wikipedia-nı ölkəyə qarayaxma kampaniyası aparmaqda ittiham edib.
Nazirlik bildirib ki, Wikipedia onun qarşısına qoyulmuş şərtləri qəbul etsə, bu sayta giriş bərpa olunacaq.
Türkiyənin hazırkı qanunları hökumətə ayrı-ayrı səhifələrə və internet saytlarına blok qoymaq imkanı verir.
Monitorinq qrupları Türkiyə hökumətini tez-tez Twitter və Facebook kimi sosial media platformalarına blok qoymaqda ittiham ediblər.