17 milyonluq qazı necə yoxa çıxarmaq olar? - Nemət Əliyev
21 May 2017
Mətni dəyiş
Nemət Əliyev
Dövlət Gömrük Komitəsi hesabları qarışdırıb. Bəlkə də dəyişik salıb. 17 milyon dollara yaxın dəyəri olan 125 milyon kub metr təbii qazın hesabı yoxa çıxarılıb?
Gömrük Komitəsi 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarına dair arayış yayıb və bu arayışda həm də ötən ilə dair məlumatlara yer verərək bildirib ki, 2016-cı ilin yanvar-aprel aylarında 83 milyon 590 min 230 dollar dəyərində təbii qaz ixrac olunub.
Amma Gömrük Komitəsi ötən il də rəsmi arayış yaymışdı və o zaman hesabatını vermişdi ki, 2016-cı ilin yanvar-aprel aylarında 100 milyon 328 min 820 dollar məbləğində təbii qaz ixrac edilib.
Beləliklə, Gömrük Komitəsi 2016-cı ilin yanvar-aprel dövründə təbii qaz ixracına dair iki müxtəlif məlumat-rəqəm yayıb. Ötən ilin ixrac göstəricisi bu il 17% kiçildilmiş qiyafədə ortaya çıxarılıb.
Aradakı fərq 16 milyon 738 min 590 dollardır. Bu, 125 milyon kub metrdən çox təbii qaz deməkdir. 2-3%-lik fərq olsaydı, bəlkə də bunu üstündən keçmək, xəta hesab etmək olardı. Ancaq 17%-lik fərq hesablama xətası sayıla bilməz.
İndi bunu necə başa düşək? Cürbəcür rəngə çalan bu iki rəqəmdən hansını doğru bilməliyk? Biri doğrudursa, digəri mütləq yanlışdır. Kim bilir, bəlkə də hər ikisi yanlışdır. Amma orası dəqiqdir ki, hesablar qarışdırılıb və ictimaiyyət çaş-baş salınıb.
Təbii qazı satdığımız ölkələrin sonradan onu geri qaytarıb pulunu istəməsi variantı istisna olunur. Çünki, aldığı pulu-paranı sonradan geri qaytarmaq praktikasına bu Komitədə çətin rast gəlinsin. Hər bir halda Gömrük Komitəsi bu və buna oxşar sualların ağlabatan izahatını verməlidir.
Bütün bu olanlardan sonra təbii sual yaranır: görəsən Gömrük Komitəsinin bu ilin xarici ticarətinə dair açıqladığı arayışın (arayışların) həqiqiliyinə inanmaq olarmı?
Fikrimcə, Komitədə ciddi yoxlamalara zərurət yaranıb.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.