Azərbaycanın maliyyə naziri Samir Şərifovun çərşənbə axşamı günü Britaniyanın paytaxtı Londonda təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı xarici kreditorların narazılığına səbəb olub, Reuters agentliyi bildirir.
Mayın 11-də ABŞ müflislik qanunun çərçivəsində kreditorlardan qorunmağa müraciət edən bank 3,3 milyard ABŞ dollarlıq məbləğdə olan borclarını restrukturizasiya etməyə cəhd edir.
Azərbaycanın maliyyə naziri Samir Şərifov, ABB idarə heyətinin sədri Xalid Əhədov və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı kreditorlara borclarını Azərbaycan Respublikasının suveren öhdəliklərinə dəyişməyə təklif edib.
Lakin bununla bağlı kreditorlar borclarının bir qisminin kəsilməsini və ödəniş cədvəlinin əhəmiyyətli dərəcədə uzaldılmasını qəbul etməli olacaqlar.
Reuters bildirir ki, bəzi kreditorlar qəzəblənərək yeni planla itirilən məbləğin Azərbaycanın kreditorlarla nüfuzunu məhv edəcəyini deyiblər.
Ticarət maliyyə kreditorlarına təklif edilən daha yaxşı şərtlər digər kreditorların narazılığına səbəb olub, agentlik qeyd edib.
Bu məqalənin dərc edilməsindən öncə BBC-nin Azərbaycan Beynəlxalq Bankı və Maliyyə Nazirliyinə ünvanlandığı suallara cavab almaq mümkün olmayıb.
Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri
Milyonlarla ABŞ Dolları ilə hesablama
-
Ticarət Maliyyəsi Kreditorları
-
Digər Kreditorlar
-
Kiçik Kreditorlar (Rubrika Finance)
Azərbaycanın təklifi
Plana əsasən Azərbaycan hökuməti kreditorları kategoriyalara bölərək fərqli borc şərtləri təklif edib.
Ticarət maliyyə kreditorlarına borclarını kəsimsiz 4 illik suveren öhdəliyə dəyişmələri təklif edilib. Bu borcların ümumi məbləği 861.5 milyard dollar dəyərində olduğu deyilir.
Digər kreditorlara 3 seçim təklif edilib:
-
Birinci təklif, borcların 20 faizini kəsərək 12 illik suveren öhdəliyə dəyişməkdir (borc bu öhdəliyin son 3 ilində 5,125 faiz dərəcəsi ilə ödənəcək).
-
İkinci təklif, borcların kəsimlmədən 15 illik 3,5 faiz dərəcəsi olan suveren öhdəliyə dəyişməkdir.
-
Üçüncü təklif isə borcların kəsilmədən Azərbaycan Beynəlxalq Bankının yeni 7 illik, 3.5 faiz dərəcəsi olan öhdəliyə dəyişməkdir.