Bu gün Bakıda Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan XXIV Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas 2017”) Sərgisi işə başlayıb.
Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland, Polşa, Yaponiya və digər ölkələr. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15%-nı təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alır.
“Caspian Oil&Gas” sərgisinə Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edir.
Sərginin platin sponsoru qismində SOCAR, qızıl sponsor – BP, gümüş sponsor - "Turkiye Petrolleri", bürünc sponsorlar qismində isə “Azeri M-İ Drilling Fluids”, "AZFEN", “Baku Steel Company”, “Caspian Drilling Company Ltd.”, “Caspian Marine Service”s (CMS), “Global Energy Azerbaijan”, “RussNeft”, “Tekfen Construction”, “SOCAR Polymer”, "SIMONE Research Group" şirkətləri var. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
“Caspian Oil&Gas” sərgisi ilə eyni meydançada 31 may-3 iyun tarixlərində VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power-2017”) sərgisi keçirilir. Bu sərgi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşdırılmış tədbirdir. “Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.
Bu il “Caspian Power” sərgisində Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Rusiya və Türkiyənin energetika sahəsində texnologiya təchiz edən aparıcı şirkətləri iştirak edir. Sərginin sponsoru qismində “STP” şirkəti çıxış edir. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.