22 May 2017
Mətni dəyiş
Valyutadəyişmə məntəqələri qısa müddət sonra yenidən fəaliyyətə başlayacaq.
Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu məntəqələrin fəaliyyətinin bərpa edilməsi üçün nələrə ehtiyac olduğunu və kimlərin valyutadəyişmə məntəqəsinə sahib ola biləcəyinə aydınlıq gətirib.
Fiziki şəxslərə də “yaşıl işıq”
İqtisadçı bildirib ki, “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, artıq fiziki şəxslər də valyutadəyişmə məntəqəsi sahibi ola bilərlər:
“Bunun üçün girov da tələb edilir. Belə ki, qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlət 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Qeyd edim ki, girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir.
Valyutadəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziyaya sahib olmalıdır. Bunun üçün o Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu zaman ərizə ilə yanaşı ərizəçinin rezident hüquqi şəxs (qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın) sənədinin surəti, ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, girov məbləğinin ödənilməsi barədə bank sənədi də təsdiq edilməlidir”.
“Valyutadəyişmə məntəqəsi açmaq üçün Palataya müraciət edin”
V.Bayaramov qeyd edib ki, qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır:
“Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir. Ərizə və sənədləri doğruluğunu yoxlayan palata ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq palata onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim etməlidir. Qanunvericiliyə əsasən, bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir. Əgər çatışmazlıq aşkar edilərsə o zaman ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır.Qanunvericilikdə eyni zamand lisenziyanın forması və hansı məlumatların orada əks olunması məsələləri də öz əksini tapıb. Qanunda edilən dəyişikliklər ilə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üçün 3 ay vaxt müəyyənləşdirilib”.