11 May 2017
Mətni dəyiş
Türkiyənin "Beşiktaş" klubu yay hazırlıq dövründə Azərbaycana gələcək.
"Report"un məlumatına görə, səfər İstanbul klubunun başlatdığı Asiya layihəsi çərçivəsində baş tutacaq.
"Qara qartallar" növbəti mövsüm öncəsi təlim-məşq toplanışının ilk bölümünü Çində keçirəcək. Qundjou şəhərində baş tutacaq turnirdə rəqiblər Almaniyanın "Volfsburq" və "Şalke" klubları ilə yanaşı, Çin komandalarından biri olacaq.
"Beşiktaş"ın Azərbaycana hansı məqsədlə gələcəyi bilinmir. Qış hazırlıq dövründə də belə xəbərlər yayılmış, hətta Şenol Güneşin baş məşqçi olduğu komandanın "Qarabağ"la yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmuşdu. Lakin o vaxt bu görüş baş tutmamışdı.
İstanbul təmsilçisi İran çempionatında mübarizə aparan Cənubi Azərbaycanın "Traktorsazi" klubu ilə də qarşılaşmağı planlaşdırır. Dünyada ən çox azarkeşi olan türk komandası ilə görüş yay hazırlıq dövründə və ya milli komandaların oyunları üçün verilən fasilə müddətində gözlənilir.
"Beşiktaş"ın perspektiv planlarında ABŞ-a və ən çox müsəlmanın yaşadığı İndoneziyaya səfərlər də var.