Hökumət yanvar ayında Beynəlxalq Bankın kapitalına 600 milyon manat qoyub
23 May 2017
Mətni dəyiş
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC səhmdarlarının mülkiyyət növləri üzrə strukturunu açıqlayıb. Bəlli olub ki, dövlətin bankdakı payı 95 faizi keçib, üstəlik, Maliyyə Nazirliyi və "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı ilə yanaşı, burada başqa bir dövlət qurumu da var.
Komitə banka necə girib bilinmir
Aprelin 1-nə olan vəziyyətə ABB-nin səhmdar kapitalının strukturunda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) də var. Komitənin 46 milyon 638 min 450 manatlıq səhm zərfinə sahib olduğu göstərilir. Bu, bankın səhmlərinin 3.76 faizidir.
ƏMDK-nın ABB-nin səhmdarları sırasına hansı yolla daxil olması haqda AzadlıqRadiosunun sualına nə komitənin, nə də bankın mətbuat xidməti cavab verib.
Əmlak Məsələləri Dövlət Komitəsi daha bir bankda səhmdar olub
Səhm buraxılışının yerləşdirilməsinin nəticələri haqda bu ilin yanvarında bank açıqlama yaymışdı. ABB-də dövlətə məxsus səhmlərin 82.2 faizdən 91.3 faizə çatdırıldığı, bunun Maliyyə Nazirliyinin nizamnamə kapitalında iştirak payının artırılması hesabına gerçəkləşdirildiyi bildirilirdi. Hökumət səhm alışına dövlət büdcəsindən 600 milyon manat xərcləmişdi. Nəticədə Maliyyə Nazirliyinin payı 54.96 faizdən 76.7 faizə qalxmış, "Aqrarkredit" QSC-nin payı isə 27.26 faizdən 14.6 faizə düşmüşdü.
Hazırda özəl şirkətlərin ABB-dəki payı 0.4 faiz, vətəndaşların payı isə 4.55 faizdir (56.5 milyon manat).
"Aqrarkredit" getdi, ƏMDK gəldi
ƏMDK həm də "Azər-Türk Bank" ASC-nin səhmdarıdır. Komitə bankın səhmlərinin 75 faizinə sahibdir.
1995-ci ildə yaradılan bu bankın səhmlərinin 46 faizi 2014-cü ilədək dövlətə məxsus olan "Aqrarkredit" QSC-nin mülkiyyətində idi. Üç il öncə "Ziraat Bankası" bankda payını azaldandan sonra Azərbaycan hökumətini təmsil edən ƏMDK-nın payı 75 faizə qaxdı.