25 May 2017
Mətni dəyiş
Bakıda keçirilən 4-cü İslam Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək. Bu barədə Qafqazinfo saytı məlumat yayıb.
Məlumata görə, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək.
Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib.
AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib:
“Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”.
İslam Oyunlarında qaliblərin mükafatlanması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev mayın 10-da sərəncam imzalamışdı.
Birinci yeri tutan hər bir idmançıya 100 min, məşqçisinə 50 min, ikinci yeri tutan hər bir idmançıya 50 min, məşqçisinə 25 min, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə isə 15 min manat mükafat təyin olunub.