Kürdlər gələcək dövlətlərini "dənizə çıxarmaq" istəyirlər

Kürdlər gələcək dövlətlərini "dənizə çıxarmaq" istəyirlər
7 May 2017
Mətni dəyiş
"Observer" yazır ki, Suriya kürdləri ölkənin şimal xəritəsini dəyişmək, yarımmuxtar Rojava rayonunu Aralıq dənizi ilə birləşdirmək planlarını açıqlayıblar və bunun Türkiyəni qəzəbləndirəcəyi şəksizdir.
Məqalədə deyilir ki, Suriyanın şimalında özlərini getdikcə daha qətiyyətli hiss edən kürdlər ABŞ-dan onların bu ideyasının dəstəklənməsini istəyəcəklər. Onlar bunun müqabilində özünü İslam Dövləti adlandıran təşkilatın de facto paytaxtı Raqqanın alınmasında mühüm rol oynayacaqlar.
50 min döyüşçüsünün əksəriyyəti YPG kürd birləşmələri olan Suriya Demokratik Qüvvələri (SDQ) habelə Raqqanı İŞİD-dən aldıqdan sonra, bir qədər də ərəb ərazisinin dərinliklərinə gedərək Deyr əz-Zaur şəhərini azad etməyi planlaşdırırlar. SDQ ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.
Bunun ardınca SDQ rəsmiləri daha gözlənilməz bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, Raqqadan 170 kilometr Qərbdə yerləşən və hazırda islamçıların və cihadçıların nəzarətində olan İdlibi də azad etməyi planlaşdırırlar.
Özünü muxtar elan etmiş "Şimali Suriya Demokratik Federasiyasının" federalizm layihəsinə cavabdeh Hediya Yusef "Observer" qəzetinə deyib ki, son məqsəd kürdlərin nəzarətində olan ərazilərin Aralıq dənizinə birləşdirilməsidir.
"Observer" qəzetinə, bu yaxlınlarda Türkiyənin hava zərbələrinə hədəf olmuş əraziyə yaxın Malikiyyə şəhərində müsahibə verən xanım Yusef deyib ki, "əgər biz Aralıq dənizinə çıxsaq bu, Suriyanın şimalındakı əhalinin bir çox problemlərini həll etmiş olacaq".
Yusef bunu da bildirib ki, buradan keçən beynəlxalq ticarət yolları Suriyanın şimal ərazilərinin inkişafına xidmət edəcək və həm də Rojavanın Türkiyə sərhədinin bağlı olması ilə əlaqədar yaranmış blokadasını aradan qaldıracaq.
"Observer" qəzeti yazır ki, bu planlar heç şübhəsiz Türkiyəni qəzəbləndirəcək. Ankara məhz kürd muxtariyyətinin qarşısını almaq məqsədilə Suriyanın şimalına hərbi müdaxilə etmişdi.
Lakin bu yaxınlarda ABŞ Türkiyə sərhədi ilə kürd əraziləri arasına qoşun yertiməklə, kürdlərlə tam həmrəy olduğunu nümayiş etdirib.
Ötən çərşənbə günü Recep Tayyip Erdoğanın vəzifəli müşaviri xəbərdarlıq edib ki, Türkiyə aviasiyası kürd qüvvələri ilə yanaşı onların müttəfiqi Amerika qüvvələrini də hədəfləyə bilər. Lakin hətta bu xəbərdarlıq da Washington-nun kürdlərə olan etimadını sarsıtmayıb və amerikalılar bildirirlər ki, kürd qüvvələri Raqqanın azad edilməsində əvəzedilməz amildir.
"Observer" yazır ki, Aralıq dənizi kürdlərin nəzarətində olan ən qərb ərazi nöqtəsindən 100 kilometr aralıdadır.
Bu ərazinin kürdlərin nəzarətinə verilməsi üçün Suriya hökumətinin razılığı lazım gələcək. Bəşər əl-Əsəd və YPG arasında indiyədək bəzi razılaşmalar əldə edilib. Məsələn Qamışlı hərbi aerodromu kürdlərin nəzarətində olan ərazidə yerləşsə də, hökumət qoşunlarının ondan istifadəsinə imkan yaradılıb. Bundan başqa bu məsələdə Əsədin əsas müttəfiqi olan Rusiyanın da razılığı lazım gələcək. Rusiya artıq YPG qüvvələrinə təlim vermək üçün bu əraziyə öz qoşunlarını yeridib.
"Observer" yazır ki, Fərat çayı ilə yanaşı Raqqanın və Deyr əz-Zaurun SDQ tərəfindən azad olunması Suriyanın şimalındakı muxtar federativ ərazinin sahəsini bütün Suriya ərazisinin üçdə birinə bərabər edəcək, halbuki hazırda kürdlərin muxtar ərazisi Suriyanın 16 faizini təşkil edir.
Yusef deyib ki, Raqqa azad edildikdəbn sonra onun əhalisinə referendum keçirmək imkanı veriləcək. Əgər əhalinin razılığı olsa, SDQ burada hökumət təşkil edə biləcək, çünki onun tərkibində kürdlərlə yanaşı ərəblərdən və assuriya xristianlarından ibarət qüvvələr də var.
Xanım Yusef əmindir ki, Deyr əz-Zaur və Raqqa əhalisi SDQ-ni istəyir, çünki bu qüvvənin döyüşçüləri həmin şəhərlərin adamlarıdır.
"Observer" müxbiri yazıb ki, o, Raqqa azad edildikdən sonra şəhərə nəzarət edəcək kürd və ərəb polis qüvvələrinin Mabruka şəhərində birlikdə təlim keçdiklərini görüb.
SDQ bildirir ki, o artıq Deyr əz-Zaurun 10 kilometrliyindədir.
Xanım Yusef deyib ki, İdlib hazırda Cəbhət ən-Nüsranın nəzarətindədir və qrup terrorçu qruplaşmaların siyahısına salınıb.
Bu arada ABŞ Dövlət Departamenti bəyan edib ki, Suriyanın gələcəyini suriyalılar müəyyən etməlidirlər və Washington heç bir "yarımmuxtar ərazini" birtərəfli qaydada tanımayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun