24 May 2017
Mətni dəyiş
"Azərbaycan Beynəlxalq Bankının (ABB)xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqaməti əhatə edəcək. Bu istiqamətlər ticarət yönümlü təminatsız borclarla, üstün hüquqa malik təminatsız borclarla və subordinasiya kreditləri ilə bağlı olacaq".
ABB-nin mətbuat xidmətinin bu bankın xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda xarici kreditorlarla 23 mayda keçirilmiş görüşlə bağlı məlumatında belə deyilir.
Sözügedən görüşdə maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov iştirak edib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.
Görüşdə ABB-nin öhdəliklərin ümumi məbləğinin 3.3 milyard dolları təşkil etdiyi bildirilib. Azərbaycan Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması barədə fərmanı, bu fərmanla əlaqədar görülən tədbirlər haqda məlumat verilib.
Görüşdə o da qeyd edilib ki, bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində bankın maliyyə mövqeyi zəifləyib. Bu üzdən öhdəliklərin könüllü restrukturizasiyası tədbiri zəruri olub.
"Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin icrası dayandırılır. Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir", görüşdə bildirilib.
Maliyyə naziri Samir Şərifov görüş zamanı vaxtilə ABB-nin sabiq menecmenti tərəfindən ciddi pozuntulara yol verildiyiniu, manatın devalvasiyası səbəbindən bankın ciddi çətinliklərlə üzləşdiyini deyib. Nazir əlavə edib ki, hökumət banka ardıcıl maliyyə dəstəyi göstərib.
"Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. dollar həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verilmiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaq", nazir bildirib.
"Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcək" - bunu isə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədriRüfət Aslanlı isə ABB-nin maliyyə sağlamlığının təmin edilməsinin bütövlükdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıdığını bildirib.ş
Bankın məlumatında deyilir ki, könüllü restrukturizasiya planı xarici kreditorlarla 2017-ci il iyulun 13-də yenidən müzakirə olunacaq. Planın həyata keçirilməsi üçün xarici kreditorların azı 2/3 hissəsinin razılığı tələb olunur.