27 May 2017
Mətni dəyiş
"Standard&Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyərək müvafiq olaraq "BB+/B" səviyyəsində saxlayıb.
Abzas.net xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.
“Standard&Poor’s” bildirir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında Agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.
“Standard&Poor’s” tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir", - nazirliyin məlumatında qeyd olunub.