TANAP-ın sınaqdan keçirilməsi üçün 1-2 mlrd. kubmetr qaz lazımdır
31 May 2017
Mətni dəyiş
"Sınaq işləri 2018-ci ilin əvvəlində aparılacaq"
"SOCAR Türkiye Enerji A.Ş." (SOCAR-ın Türkiyədəki törəməsi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsində pay almaq niyyətindədir.
Bunu "SOCAR Türkiyə Enerji A.Ş."-nin baş icraçı direktoru (CEO) Zaur Qəhrəmanov bildirib.
"Bu məsələ hələ də aktualdır. Biz TANAP layihəsində 7%-lik pay almaq niyyətindəyik. İlin sonuna qədər bu məsələ öz həllini tapacaq".
Bundan öncə Z.Qəhrəmanov bildirib ki, "SOCAR Türkiye Enerji A.Ş." yuxarıda qeyd edilə miqdarda payı SOCAR-dan alacaq.
Bugünkü açıqlamasında baş icraçı direktor onu da qeyd edib ki, TANAP konsorsiumu 2018-ci ilin yanvar ayında adıçəkilən qaz kəmərinin sınaqdan keçirilməsinə başlamaq niyyətindədir: "Bu ilin aprel ayının əvvəlinə olan məlumatlara əsasən, kəmərdə tikinti işlərinin 72,4%-i görülüb. Növbəti ilin yanvar ayında biz sınaq işlərinə başlamaq niyyətindəyik. Hazırda sınaq işlərində hansı qazdan istifadə olunacağı müzakirə edilir. Böyük ehtimalla, biz "Şahdəniz-2" yatağından hasil olunan qazdan deyil, SOCAR və ya BOTAŞ şirkətlərindən alınan qazdan istifadə edəcəyik. Hazırda bununla bağlı danışıqlar davam edir. Sınaq üçün biz 1-2 mlrd. kubmetr qaz lazım olacaq".
Z.Qəhrəmanov əlavə edib ki, 2018-ci ilin ortasına kəmər istismara hazır vəziyyətə gətiriləcək.
"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.
Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.
TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).
TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.
2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.
Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.
TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.