29 İyun 2017
Mətni dəyiş
Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Özkan Mutlugil Azərbaycanda səfərdə olub.
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, türkiyəli funksioner 22 sentyabr - 1 oktyabrda qadınlar arasında keçiriləcək Avropa çempionatına hazırlıq işləri ilə tanış olub.
Bakıdakı Milli Gimnastika Arenası və Göygöl Olimpiya Kompleksinə baş çəkən Ö.Mutlugil AVF prezidenti Cavid Qurbanov, qurumun rəsmiləri və nümayəndələri ilə görüşüb. O, yarışın əhəmiyyətindən danışıb: "İlk olaraq, CEV adından sizə təşəkkür etmək isdəyirəm. Azərbaycan böyük bir yarışa ev sahibliyi edəcək. Sizin çox güclü komandanız var. Elə yeri gəlmişkən, sizləri qazandığınız uğurlar münasibəti ilə təbrik edirəm. Artıq Avropa çempionatına az vaxt qalıb. Yarış 70 ölkəyə yayımlanacaq. Bu Azərbaycan üçün böyük reklamdır. CEV Azərbaycanda Avropa çempionatı öncəsi oyun arenalarında yoxlama matçları keçirməyi nəzərdə tutur. Bu test oyunu həm sizin, həm də bizim üçün çox vacibdir".
C.Qurbanov çempionata yüksək səviyyədə hazırlaşmağa çalışdıqlarını söyləyib: "Azərbaycan böyük yarışlara yüksək səviyyədə ev sahibliyi edib və etməkdədir. Voleybol Azərbaycanın populyar idman növlərindən biridir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, həm komandalar, həm də qonaqlar bizdən razi qalsınlar".
Görüşün sonunda Avropa çempionatı üçün test oyununun tarixi müəyyənləşib. Görüşlər 22 - 25 iyulda Bakı və Göygöldə olacaq.