2 İyun 2017
Mətni dəyiş
Kənd Təsərrüfatı Nazirliyi yeni inzibati binanın layihələndirilməsi üçün şirkətlərə müraciət edib. İyulun sonunadək layihə şirkətləri təkliflərini tender komissiyasına təqdim edəcəklər.
Nazirlikdən verilən məlumata görə, hələlik yeni inzibati binanın Bakıda tikiləcəyi yer müəyyən olunmayıb. Şərtlərə görə, layihə hazırlanmasına bir il vaxt veriləcək. Bu müddətdə sənəd həm də müxtəlif dövlət qurumları ilə razılaşdırılmalıdır.
KTN-in Tender Komissiyasının əlaqələndiricisi Kamil Şirinov deyib ki, yeni inzibati binanın 10 mərtəbədən ibarət olacağı, mərtəbələrin hündürlüyünün isə 5 metr olması nəzərdə tutulur. Bina 38 metr eninə və 38 metr uzununa inşa olunacaq.
Yeni inzibati binada nazirliyin mərkəzi aparatıyla bərabər, qurumun müxtəlif yerlərdə kirayələnən təşkilatlarını da bir araya cəmləmək planlaşdırılır. Nazirlik Hökumət Evində məskunlaşıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli KTN üçün yeni inzibati binanın tikilməsi ideyasını doğru saymır. Onun fikrincə, əsas ərzaq məhsullarının idxal edildiyi ölkədə dövlət büdcəsinin vəsaitlərini sektora cavabdeh qurum üçün bina tikintisinə sərf etmək niyyəti gülüncdür.