9 İyun 2017
Mətni dəyiş
"Financial Times" yazır ki, Yaxın Şərqdə, Qətər və İranda baş verənlərə, OPEC-in hasilatı ixtisar etmək barədə razılaşmanın müddətini uzatmasına, Amerikada şist nefti hasilatının azacıq azalmasına baxmayaraq Brent markasından olan neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb.
Bəziləri yenə də iddia edirlər ki, bazara çıxarılan neft ixtisar olunmuş həcmlərdə qalmaqda davam edətrsə, üstəlik də 2011-ci ildən bəri ən böyük gərginliyini yaşayan regionda alovlanma baş verərsə neftin qiymətləri qalxa bilər.
Lakin məqalədə deyilir ki, OPEC üzvlərinin pərtliyinə baxmayaraq, neft qiymətlərinin uzun müddət davam edən aşağı qiymətləri ədalətli sayıla bilər. Halbuki 2017-ci ilin əvvəllərində OPEC-in neft qiymətlərinin qalxacağına ümidləri çox böyük idi.
Həmin vaxt istər hasilatçılar, istərsə də investorlar bazarda üç ildir ki, yaranmış izafiliyin nəhayət ləğv olunacağını gözləyirdilər.
FT yazır ki, bu ümidlərin əksəriyyətini real vəziyyətdən çox, neft tacirlərinin spekulyasiyaları yaratmışdı.
Məqalədə deyilir ki, neft qiymətlərinin qalxmamasına, əlbəttə Amerika şisti həcmlərinin artması əsas səbəbdir və ABŞ neftinin heyrətamiz dirçəlişi OPEC-in bazarı tənzimləmək ambisiyalarına ölümcül zərbə vurur.
ABŞ şistinin hasilatçıları isbat ediblər ki, bir barrel üçün 50 dollar qiyməti Amerika neftçiləri üçün sərfəlidir. Burada dalbadal 20 həftədir ki, buruq sayı artmaqda davam edir. Bu, keçən ilin müvafiq dövründə olan sürətdən iki dəfə çoxdur.
FT yazır ki, neft qiymətlərinin qalxmamasına ikinci əsas səbəb OPEC-in özünün gözləntilərə cavab verə bilməməsidir.
Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla neft ixracatçıları OPEC-in mayın 25-də keçirilən iclasında hasilat ixtisarının müddətini gözlənilən 6 ay əvəzinə 9 ay uzatmaq barədə qərar qəbul ediblər.
Halbuki neft tacirləri neft nazirlərinin Vyana görüşündən müddətin uzadılmasından daha çox, ixtisar həcmlərinin dərinləşdirilməsini gözləyirdilər.
O vaxtdan bəri xam neftin qiyməti 10 faiz düşüb. Beləliklə təsəvvür yaranıb ki, əslində heç bir yenilik baş verməyib.
FT yazır ki, başqa bazarlardan fərqli olaraq xammal bazarlarında sentiment, yəni tacirlərin əhval-ruhiyyəsi həlledici rol oynayır.
Hazırda neft tacirləri neft qiymətlərinin qalxa biləcəyinə dair yeni proqnozlar verməkdən çəkinirlər.
Qəzetin yazdığına görə, neft bazarında mükafat və risk arasındakı nisbət əlverişsiz durumdadır.
Hazırda Yaxın Şərqdəki gərginliyin də alovlanma həddinə çatacağı gözlənilmir.
Bu o deməkdir ki, neftin bir barreli üçün 50, hətta 40 dollar müddəti davam edə bilər. Bunun dəyişməsi üçün ya Amerikadakı neft hasilatının artımı dayanmalı, ya da OPEC daha dərin hasilat ixtisarlarına getməlidir