16 İyun 2017
Mətni dəyiş
"2001-2016-cı illərdə Dövlət Neft Fondunda neft-qaz satışından və sair mənbələrdən daxilolmalar 130,8 milyard ABŞ dolları olub. Bunun təxminən 33,15 milyard ABŞ dolları və ya 25,3 faizi yığıma yönəldilib. Qalan 97 milyard 650 milyon dolları və ya 74,7 faizi xərclənib”, - iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə yazıb.
İqtisadçı bildirir ki, xərclənmiş neft pulları bu günkü məzənnə ilə 166 milyard manat təşkil edir. Bu da adambaşına 16 min manat neft gəlirinin artıq xərcləndiyi deməkdir:
"Həmin pul xərclənməyib, dollar kimi yığılsaydı, əlavə dəyər yaranmasa da 5 nəfərlik ailəyə hazırkı kursla 80 min manat vəsait çatardı. Azərbaycada isə mövcud hakimiyyətin neft gəlirlərini səbatsız, amma məqsədli idarəetməsi nəticəsində kiçik qrup milyonlara, hətta bəziləri milyardlara sahib oldu, sıravi vətəndaşlar isə hələ uzun müddət banklara olan min manatlarla borclarların girdabında çabalamaqdadır”.
2015-ci ildə manatın iki dəfə devalvasiyası baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. 1 ABŞ dolları 78 qəpikdən əvvəlcə 1 manat 5 qəpiyə, sonra isə 1 manat 55 qəpiyə kimi dəyər qazandı.
Həmin devalvasiyalar ərəfəsində Mərkəzi Bankın rəhbərliyi manatın ucuzlaşmayacağını bəyan etmişdi.
Bu ildən isə manatın tam üzən məzənnəyə keçdiyi bildirildi. Beləliklə ilin əvvəlində 1 dollar 1 manat 92 qəpiyə qədər yüksəldi. Sonradan əks proses getdi. Son aylar isə 1 dollar 1 manat 70 qəpik civarında hərəkət edir.