21 İyun 2017
Mətni dəyiş
Azərbaycan manatının məzənnəsinin bəlli bir səviyyədə qalması düzgün deyil. İqtisadiyyatda proseslər getdikcə manat daim öz yeni məzənnəsini tapacaq”.
Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev AzadlıqRadiosuna açıqlamasında deyib.
Z.Nuriyev vurğulayıb ki, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, məsələn, turizmin, meyvəçiliyin qısa müddətdə məzənnəyə təsiri ola bilməz.
Bundan başqa, Z.Nuriyev hesab edir ki, Azərbaycanın maliyyə bazarında yaranmış müsbət meyllər uçot dərəcəsinin 12 faizə azaldılmasına şərait yaradır.
Azərbaycan Mərkəzi Bankı (AMB) son dəfə ötən il sentyabrın 14-də likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12, yuxarı həddini 18, uçot dərəcəsini isə 15 faizə qaldırıb.
Bu il martın 10-da AMB İdarə Heyəti uçot məsələsini yenidən müzakirə edib. Ancaq Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib.
Halbuki, son 3 ayda rəsmi məzənnəyə görə, manat bir xeyli möhkəmlənib. Bir dollar bir manat 90 qəpikdən 1 manat 70 qəpiyə düşüb.
Bəzi ekspertlər isə deyir ki, əslində manatın möhkəmlənməsinin heç bir iqtisadi əsasları yoxdur. Manat sadəcə reallıqda inzibati yolla müəyyən edilir.