26 İyun 2017
Mətni dəyiş
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.
Abzas.net APA-ya istinadən xəbər verir ki, Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.
Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.
Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu.
Qəndab Həbib qızı Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.
İlk muğam müəllimi Nəriman Əliyev olub. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Teatrın səhnəsində Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.