Azərbaycanın qızıl ehtiyatları bu ilin iyun ayında 2 ton yaxud 10% azalaraq 18 tona düşüb. Bu barədə "Report" Ümumdünya Qızıl Şurasına (World Gold Council) istinadən məlumat yayıb.
Şuranın məlumatına görə, Azərbaycan qızıl ehtiyatlarına görə qlobal reytinqdə bir pillə geriləyərək 62-ci yerdən 63-cü yerə düşüb. Qızıl ehtiyatının ümumi ehtiyatlarda olan payı isə 2,7 faiz bəndi azalıb və 9,4%-ə enib.
Ötən aylarda olduğu kimi, siyahıya ABŞ, Almaniya və Beynəlxalq Valyuta Fondu (IMF) liderlik edir.
Bu göstərici ötən ilin sentyabrından bəri Azərbaycanın qızıl ehtiyatlarının 40,4% azaldığını göstərir.
ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb.
Qurumdan bildirilib ki, ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil edir:
“Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".