3 İyul 2017
Mətni dəyiş
“Bakıda keçirilən yarış qədər səs-küyə səbəb olan "Formula-1" üzrə Qran-pri xatırlamıram. Biz də bu dramatik yarışda öz rolumuzu oynadıq".
“Report”un məlumatına görə, bunu "Formula-1" üzrə Qran-prinin iştirakçısı "Force İndia"nın rəhbəri Vicay Mallya komandanın rəsmi saytına açıqlamasında deyib.
"Force İndia" komandasının pilotları Serxio Peres və Esteban Okonun yarış zamanı bir-biriləri ilə toqquşmasını qınayan V.Mallya bildirib ki, onların bu olaydan dərs çıxardığına ümid edir: “Turnirdən sonra komanda daxilində hərtərəfli analiz aparıldı. Pilotlara komandanın daim birinci yerdə olmasının vacibliyini xatırlatdıq. Komanda yoldaşlarının trasda bir-biriləri ilə toqquşmaları yolverilməzdir. Bu, Bakıda bizə xal itkisi bahasına başa gəldi. Azərbaycandakı hadisə baxış tərzimizi dəyişməyəcək. Pilotlarımız sərbəst mübarizə apara bilərlər. Bilirəm ki, onlar birlikdə komandanın xeyrinə işləyəcək qədər yetkin insanlardırlar”.
Qeyd edək ki, Esteban Okon Azərbaycan Qran-prisini 6-cı pillədə tamamlayıb. Serxio Peres isə mübarizəni erkən dayandırıb.
Bakıdakı yarışda əsas münaqişə iki iddalı pilot - Luis Hemilton və Sebastyan Fettel arasında baş verib. Buna son döngədə birincinin əyləci basması səbəb olub. Nəticədə “Ferrari” pilotu maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çatıb və maşınını onun bolidinin təkərlərinə toxundurub. Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb. Beləliklə, "Red Bull" pilotu Daniel Rikkardo yarışın qalibi olub. "Mercedes" pilotu Valtteri Bottas ikinci, "Uilyams" pilotu Lens Stroll isə üçüncü yeri tutub.