4 İyul 2017
Mətni dəyiş
Avstriyada təlim-məşq toplanışında olab Hollandiyanın “Utrext” komandasının iyulun 8-də Kiyev “Dinamo”su ilə deyil, “Qəbələ” ilə yoxlama oyunu keçirməsinin səbəbi müəyyənləşib.
“Report”un məlumatına görə, dəyişikliyə səbəb “Utrext”in “Dinamo” ilə qarşılaşmalı olduğu Yenbax bölgəsində “Ayaks”ın da yoxlama oyunu keçirməsidir. Yerli hüquq-mühafizə orqanları bu iki Hollandiya təsmilçisinin azarkeşləri arasında dava düşəcəyi xəbərini aldıqları üçün təhlükəsizlik məqsədi ilə həmin gün Yenbaxda “Utrext” – “Dinamo” görüşünün baş tutmasına icazə verməyiblər.
Nəticədə sözügedən kollektivlər özlərinə yeni rəqiblər tapıblar. Beləliklə, iyulun 8-də ukraynalılar yerli “Vakker”lə, hollandlar isə Avstriyanın başqa bir qəsəbəsində “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Əyalət təmsilçisi bu gün Kiyev “Dinamo”su ilə də qüvvəsini sınayacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv hazırlığın ikinci mərhələsindəki ilk görüşündə Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib - 7:0.