2017-ci ilin ilk yanvar-may ayları ərzində Türkiyə iqtisadiyyatına 3,634 mlrd. dollar məbləğində xarici investisiya yatırılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.
APA Türkiyə Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayında Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların məbləği 1,5 dəfə artaraq 915 mln. dollara çatıb.
Türkiyə iqtisadiyyatına birbaşa investisiya yatıran ölkələr arasında İspaniya, Hollandiya, Qətər, Azərbaycan və Belçika ilk beşlikdə qərarlaşıb. Yanvar-may ayları ərzində İspaniya Türkiyə iqtisadiyyatına 969 mln. dollar yatırıb ki, bu da ümumi investisiya qoyuluşunun 27%-i deməkdir.
Rəqəmlərin təhlili göstərir ki, yatırımların 21%-i və ya 751 mln. dolları Hollandiyanın, 15%-i və ya 541 mln. dolları Qətərin, 7%-i və ya 270 mln. dolları Azərbaycanın, 6%-i və ya 210 mln. dollar isə Belçikanın payına düşür.