Sentyabrın 18-də Litvanın Klaypeda şəhərində güləş üzrə hərbçilərin 32-ci dünya çempionatı start götürəcək.
"Report"un məlumatına görə, 8 gün davam edəcək yarışda Azərbaycanı Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) 16 pəhləvanı təmsil edəcək. Çempionata 2 hakim və 2 məşqçi də yollanacaq.
Qeyd edək ki, MOİK-də 16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin MOİK-nun yetirmələri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.
MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) üzvüdür. Klub SİZM-in keçirdiyi yarışlarda indiyədək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıb.