Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq olub.
“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkəti məlumat yayıb.
“İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci yarım ildə hasilat “Çıraq” platformasından 56 min, “Mərkəzi Azəri”dən 129 min, “Qərbi Azəri”dən 116 min, “Şərqi Azəri” platformasından 77 min, “Dərinsulu Günəşli”dən 120 min və “Qərbi Çıraq” platformasından 87 min barel olmaqla birlikdə – gündə orta hesabla 585 min barel və ya ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq olub. Birinci yarımilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub”,-məlumatda qeyd olunub.
Bu ilin I yarısında yataqlar blokundan ümumi hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az olub.
Birinci altı ay ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.
AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.
AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.