Gürcüstan hökuməti kəndlərin qazlaşdırılması layihəsini təsdiq edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumətin avqustun 3-də keçirilmiş iclasında ölkənin bir sıra yaşayış məntəqələrinin təbii qazla təmin olunması üçün nəzərdə tutulmuş layihə təsdiq olunub. Layihəyə əsasən 18 minə yaxın ailə ilin sonunadək təbii qazla təmin olunacaq. Bunun üçün dövlət büdcəsindən 27 milyon lari maliyyə vəsaiti ayrılacaq.
Təbii qazla təmin olunacaq kəndlərin sırasında azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun kəndləri də var.
Bildirilib ki, hökumət əhalinin təbii qazla təmin olunması üçün hər il dövlət büdcəsindən 20 milyon lari vəsait xərcləyir. Qalan əhalinin də qazla təminatı üçün yeni layihə hazırlanır.
Qazlaşdırma işlərini “Gürcüstan Qaznəqliyyat Şirkəti” həyata keçirəcək.