“Kopenhagen” və “Qarabağ” komandaları arasında keçiriləcək Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyunu Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq.
“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis avqustun 23-də avrokuboklarda 100-cü oyununa çıxacaq. Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. “Qarabağ” isə cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin II və III təsnifat mərhələsində müvafiq olaraq, “Samtredia” (1:0) və “Şerif”i (2:1) məğlub edib. "Qarabağ" ilk "pley-off" görüşündə "Kopenhagen"i minimal hesabla yenib - 1:0. İndi Solbakken yubiley matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Stole Solbakken futbolçu karyerasını ürəyində yaranan problemlə əlaqədar 32 yaşında məhz “Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 - 2011-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” komandalarında etimadı doğrultmayan norveçli mütəxəssis yenindən “Kopenhagen”ə dönüb.