Danimarka “Kopenhagen”inin futbolçuları “Qarabağ”a qarşı keçirdikləri Çempionlar Liqasının (ÇL) cavab “pley-off” matçından sonra fikirlərini bölüşüblər.
“Report” Skandinaviya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəqib oyunçular 2:1 hesabı ilə qalib gəlmələrinə rəğmən, qrupa düşə bilmədikləri üçün təəssüfləndiklərini ifadə ediblər.
Meydan sahiblərinin slovakiyalı yarımmüdafiəçisi Yan Qrequş heç nəyə lazım olmayan qələbə qazandıqlarını söyləyib: "Öz işimizi yaxşı gördük. Fikrimcə, bugünkü nəticə ilə bağlı bir qədər bəxtimiz gətirmədi. Kifayət qədər yaxşı oynasaq da, heç nəyə lazım olmayan qələbə qazandıq. Bəlkə də, müəyyən qədər bəxtimiz gətirmədi, şanslardan yararlana bilmədik. Rəqib isə bizə nəzərən şanslarını daha yaxşı dəyərləndirdi. Yəni bizim üçün kədərli gecə oldu. İndi bazar günü Super Liqada keçirəcəyimiz matça hazırlaşmalıyıq".
Qarşılaşmada Danimarka təmsilçisinin qələbə qoluna imza atan serbiyalı hücumçu Andriya Pavloviç isə hesab edir ki, ÇL-in qrupuna düşə bilməmələri kritik vəziyyətlərdə lazımınca uğurlu olmadıqları ilə əlaqədardır: “Yaxşı oyun alındı. Bütün dünyadakı tərəfdərlarıma görə üzgünəm. Bu gün qalib gələrək daha yaxşı komanda olduğumuzu göstərdik. Hətta hesab 1:1 olduqdan sonra da vəziyyəti dəyişmək üçün kifayət qədər qol imkanı yaratdıq. Nəticədən yox, yaradıcılığımızdan məmnunuq”.
Danimarkalı müdafiəçi Nikolay Boylesen “Qarabağ”ı keçməyi bacarmamaqlarını həzm etməyə çətinlik çəkdiyini deyib: “Bunu həzm etmək çətindir, lakin bu, mübarizədir. Rəqibi yaxşı analiz etmişdik. Çoxlu sayda qol imkanlarımız oldu. Halbuki onlar iki dəfə şans əldə etdilər. Ancaq belə də olur. Görüşlərin taleyini bu mübarizələr həll edir”.
Skandinaviyalıların sloveniyalı hücumçusu Benyamin Verbiç isə fasilədən sonra arxa xətdə konsentrasiyanı itirmələrinə diqqət çəkib: "İlk yarı çox yaxşı keçdi. Müdafiə xəttimiz qaydasında idi. Rəqibə şanslarından yararlanmaq imkan vermirdik. Bir qol da vurduq. Fasilədən sonra arxa xətdə konsentrasiyamızı itirdik. Bu isə bizə hesabın bərabərləşməsi bahasına başa gəldi. Ümumilikdə yaxşı qarşılaşma oldu. Sadəcə, nəticə istədiyimiz kimi olmadı".
Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ” rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.