Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 43 713,2 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Abzas.net Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.
2017-ci ilin yanvar-iyul aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1% təşkil edib. Başqa sözlə, ÜDM-də azalma səviyyəsi artıb.
Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 2,1% azalaraq 4 498 manat təşkil edib.
ÜDM-in 62,75%-i və yaxud 27 431,5 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,4% çoxdur.
ÜDM-in strukturunda sənayenin payı 56,68% və yaxud 27 774,5 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6% azdır. Yanvar-avqust aylarında ölkədə 5 953,9 mln. manatlıq qeyri-sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 4,3% çoxdur.