Bu ilin yanvar- avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 18 062 280 ton Azərbaycan nefti ötürülüb.
Abzas.net xəbər verir ki, avqust ayında isə 2 484 700 ton Azərbaycan nefti nəql olunub.
Bu ilin səkkiz ayında BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi illik müqayisədə 9,6% azdır.
Kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 600 342 ton neft vurulub.
Avqust ayında BTC kəməri ilə 549 434 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin müvafiq ayından 58,8% çoxdur.
BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.