Ofşor hesablarda yerləşdirilən aktivlərin həcmi qlobal ÜDM-in 10%-nə bərabərdir.
"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın İqtisadi Araşdırmalar Milli Bürosu (NBER) açıqlayıb. NBER-in hesabatına görə, Skandinaviya ölkələrində bu göstərici təkrəqəmli olduğu halda, Rusiya, Fars körfəzi və Latın Amerikası ölkələrində bu göstərici 60%-ə çatır.
NBER-in əməkdaşları - Annet Alstadseter (Annette Alstadsaeter), Nils Yoxansen (Niels Johannesen) və Qabriel Tsukman (Gabriel Zucman) tərəfindən hazırlanan "Vergi cənnətlərindəki aktivlər" adlı hesabatda son 40 ildə ofşor hesablarda vəsaitlərin ciddi şəkildə artdığı bildirilir. Hesablamalara görə, maliyyə aktivlərinin 8%-i, qlobal ÜDM-in 10%-i, yəni 5,6 trln. ABŞ dolları həcmində vəsait ofşor hesablarda yerləşir.
Ofşor ölkələr arasında liderlik İsveçrəyə məxsusdur. 2006-2007-ci illərdə burada məcmu aktivlərin 45-50%-i toplansa da, son illərdə Asiya maliyyə mərkəzlərinin inkişaf etməsi fonunda İsveçrənin payı 30%-ə düşüb. İkinci sırada isə Honq-Konq qərarlaşıb.
NBER-ə görə, ən az ofşor hesablarda pullarını gizlədən Skandinaviya ölkələridir. Onlar bu hesablarda ÜDM-lərinin 2%-dən azını, Mərkəzi Avropa 15%-ni, Rusiya, Fars körfəzi və Latın Amerikası ölkələri isə 60%-ə yaxınını gizlədir. Maraqlı amil odur ki, ən aşağı vergi dərəcələrinə sahib olan Koreya, Yaponiya və ən yüksək vergi dərəcələrinə sahib olan Danimarka, Norveç ofşor hesablarında ən az vəsaitə sahib olan ölkələrdir.
Ofşor hesabların təhlili göstərir ki, buradakı vəsaitin 80%-i 0,1% zəngin insana aiddir. Britaniya, İspaniya və Fransadakı yığımların 30-40%-i ofşor hesablarda yerləşir. Çində isə bu göstərici ÜDM-in 2,3%-nə bərabərdir.